Baxma ki ayrıyıq, darıxırsansa,
Arada dolan gəl, keç ürəyimdən…
Qəriblik eləmə, öz evin kimi
Sevdiyin bir küncü seç ürəyimdən…
Sənsiz qurumadı gözümün yaşı,
Ayrılıqdan olmaz ömür yoldaşı,
Sənin də yanırsa bağrının başı,
Əyil, bircə ovuc iç ürəyimdən ..
Yoxdu bundan pisi, yoxdu o yanı…
Yetər qurutmağa yanğım dəryanı…
Həsrətin kol-kosu basıb hər yanı ,
Gəl, öz əllərinlə biç ürəyimdən …
Baxma ki hicranın qəddimi əyər,
Bilsəm ki dönərsən, hicrana dəyər…
Dönməyə ümidin yoxdursa əgər,
Götür xatirəni, köç ürəyimdən…
Kayıt Tarihi : 5.1.2025 17:39:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!