Beynin dediyini ürəyim etmir,
Sənli xatirələr dadıma yetmir.
Könlüm gedirsə də ayağım getmir,
Mən bu ayrılıqdan yaman qorxuram.
Ürəyim üzüldü, zillətə qaldı,
Əlacım quruca minnətə qaldı.
Sənlə görüşümüz cənnətə qaldı,
Mən bu ayrılıqdan yaman qorxuram.
Qalıb xatirimdə hicrin hər anı,
Üzümə açılmır səhərin danı.
Geriyə qaytara bilməm zamanı,
Mən bu ayrılıqdan yaman qorxuram.
Qaranlıq bürüyüb dərəni, düzü,
Görməyir,sezməyir yenə göz-gözü.
Qapımı döyür bax ayrılıq özü,
Mən bu ayrılıqdan yaman qorxuram.
Yamanca çırpınır yenə sol küncüm,
Ağrıya dözməyə yox daha gücüm.
Acı xatirələr eyləyir hücum,
Mən bu ayrılıqdan yaman qorxuram.
Verməyir xatirən ara, boylanır,
Baxmayır yağışa-qara, boylanır.
Özü də bilməyir hara boylanır,
Mən bu ayrılıqdan yaman qorxuram.
Sən getdin, üzümdə təbəssüm dondu,
Buzdan heykəlimi zəmanə yondu.
Məlalım nə birdi, nə də ki ondu,
Mən bu ayrılıqdan yaman qorxuram.
Kayıt Tarihi : 6.4.2025 09:00:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!