De görüm,aşıq Yadigar.
Şuşadan xəbərin varmı?
Zirvələri örtübdür qar,
Şuşadan xəbərin varmı?
Yol gözlər İsa bulağı,
Cıdır düzün tutub yağı.
Xarı bülbül deyər ağı,
Şuşadan xəbərin varmı?
Qədrin bilməz naşı onun,
Ağlar qaya-daşı onun.
Gözlərimin yaşı onun,
Şuşadan xəbərin varmı?
Zirvəsində çən olaydım,
Sünbülündə dən olaydım.
İndi orda mən olaydım,
Şuşadan xəbərin varmı?
Muradıma yetəydim kaş,
Gül içində itəydim kaş.
Düzlərində bitəydim kaş,
Şuşadan xəbərin varmı?
Ürəkdədir canın ruhu,
Ağlar Natəvanın ruhu.
Üzeyirin,Xanın ruhu
Şuşadan xəbərin varmı?
Daha bitməz sarı sünbül,
Çiçək açmaz xarıbülbül.
Şəhid olub yarı bülbül,
Şuşadan xəbərin varmı?
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 11:03:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!