Yoxluğuna alışmıram, neynəyim
Ayrılığa necə dözüm, bilmirəm.
Həsrətinlə barışmıram, neynəyim
Günahkaram təkcə özüm, bilmirəm.
Aramızı kəsib uca qayalar,
Arasından keçməyə bir yol da yox.
Nolar, bizi Leyli-Məcnun sayalar,
“Yox”da varıq, ay əzizim, ”Ol”da yox.
Çoxlarını yandırıbdır varlığım,
Yerlərini dar etmişəm bəlkə də.
Nə yaxşı ki varmış şeirkarlığım,
Bu yolda da az getmişəm bəlkə də.
Sənə neçə şeir, qəzəl yazmışam
Birini də oxumadın, əzizim.
Yollarında, izlərində azmışam,
Tək mənimçün yox olmadın,əzizim.
Istəməzdin məni üzsün qəm, kədər
Bir azacıq kölgə qonsun üzümə.
Çiling-ağac oynadı bizlə qədər,
Dərd toxumu səpdi əlvan düzümə.
Bu toxumlar nəm torpaqda qaraldı,
Amma yenə cücərdi, nə cücərdi.
Hey üstünü şaxta aldı, qar aldı
Fələk əkdiyini gözəl becərdi.
Görməyib qapqara açan gülləri,
Bir adəm balası məndən savayı.
Ömrümə qaranlıq saçan günləri,
Verirəm hicrana, alsın havayı.
Kayıt Tarihi : 25.6.2018 20:44:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!