Mən onun dünyaya gələn ilini,
Gününü, ayını unutmamışam …
Məni yoldan edən şirin dilini,
Səsini, hayını unutmamışam …
O hər gün, neçədə, hardan keçirdi….
Yeməklər içində nəyi seçirdi ,
Qaynar xoşlayırdı, tündmü içirdi ,
Sevdiyi çayını unutmamışam…
Dalınca söysəm də yalqız qalanda,
Onu qınasam da tənha olanda,
Sevdiyi bir şeyi görüb alanda
Onun da payını unutmamışam…
Həmişə dilimdə soraqdı mənim ,
Varlığı ömrümə maraqdı mənim ,
Çox da ki gözümdən iraqdı mənim ,
Qəlbimin tayını unutmamışam…
Neynim , vaz keçmədi tərs inadından,
Qüruru enmədi quş qanadından …
Bəlkə adım belə çıxıb yadından….
Kipriyi sayını unutmamışam…
Kayıt Tarihi : 5.1.2025 16:44:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!