Doğulandan cığır açdı bu yollar,
Elə mənlə yaşıd oldu diləklər…
Əsir aldı düşüncəmi xəyallar,
Qandalına hey uzandı biləklər…
Qismət mənə bir verdisə yüz bildim,
Bu ürəyi yanmaq üçün köz bildim,
Kim nə dedi , doğru sanıb düz bildim…
Həyatımı viran etdi kələklər….
Ürəyimdə bir məhkəmə quruldu,
Hər əməlim bircə- bircə soruldu,
Vicdan haqqı, yarışmaqdan yoruldu
Çiynimdəki yazı yazan mələklər…
Öz ömrümdə qonaq oldum gedəri,
Öz alnımdan səhv oxudum qədəri…
Doya-doya mən yaşadım kədəri,
Sevincləri alıb qaçdı küləklər…
Xəyallarım yuva yapır, ev tikir…
Yüz borcumu ödəmir ki bir fikir…
Pis-yaxşını seçir, dedim, çox şükür…
Yanılıbmış gözümdəki ələklər…
Dedim, uğur məni yada salacaq,
Dedim, dostum hey arxamda olacaq
Yarım əlbət, mənə sadiq qalacaq…
Mən sayanı saymadı ki fələklər…
Ömür boyu xəlbirlə su daşıdım,
Sağalmayan yaraları qaşıdım…
Ağ ağdı da … daha niyə yaşadım?!
Sonda kəfən olacaqsa bələklər….
Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 18:10:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!