Bir oda tikmişəm küncsüz, bucaqsız,
Körpələr yatmaz ki isti qucaqsız.
Necə ki yandırdın odsuz-ocaqsız,
Səni də alova qalan, a dünya.
Bəlkə azaldasan sual-sorğunu,
Məhkəmə etmə gəl könül oğrunu.
Bu qara sevdanın sözü doğrumu,
Həqiqət bir az da yalan, a dünya.
Kiminsə göz yaşın içib doyursan,
Kiminin zəmisin biçib doyursan.
Kimini əbədi tənha qoyursan,
Tək qalsın sənin də balan, a dünya.
Daha da əzərsən cismən cansızı,
Sevib əzizlərsən namərd qansızı.
Hər tərəf yaşıldır, hər yan qırmızı,
Qara rəng açılır lalan, a dünya.
Yaxşının yaşamın boran etmisən,
Yamanı şişirdib tiran etmisən,
Necə ki ömrümü viran etmisən,
Səni də olasan talan, a dünya.
08.05.2019
Kayıt Tarihi : 29.5.2019 10:55:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!