Mən ki səni sevmiş idim. İlboyu,
Oturardıq kölgəsində çinarın.
Xəyalımız hey gəzərdi Nil boyu,
Yaşayardıq bölgəsində dinarın.
Nə dərdimiz, nə qəmimiz var idi,
Heç yox idi bizə paxılıq edən.
Bəxtiyardıq, tale bizə yar idi,
Bir ürəkdə döyünərdi cüt bədən.
Indi nədən de, sarsıldı əhd-ilqar,
Həsrətimiz hicranına qovuşdu.
Sevdamıza dayanmadan yağır qar,
Sanmayaq ki acı günlər sovuşdu.
Fikirliyəm,nə gözləyir qarşıda,
Sınaqlardan çıxmış məğrur eşqimi.
Qorxuram ki qəm küləyi qarsıda,
Sındırılmış qürur məgər eşqdirmi.
Kim tapacaq ayrılığın əlacın,
Qapısını kim döyəcək təbibin.
Razı olma vüsalına əl açım,
Təkcə səndin yaxın dostum, həbibim.
Indi dəli dalğalar da quzudur,
Pıçıldaşır bir-biriylə ləpələr.
Sanırdım ki bəxtəvərlik ruzudur,
Başımızın üstdən Tanrı səpələr.
Nə danışmaq gümüş imiş. Nə susmaq
Dəyər imiş qızılı bir altuna.
Nə xəyal var, nə çay vardır, nə o bağ
Nə çinar var ki yığışaq altına...
11.04.2019
Kayıt Tarihi : 11.4.2019 16:28:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/04/11/sindirilmis-qurur.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!