Qulağıma pıçılda, adımı səndən duyum,
Eləcə dur bax mənə, gözlərində uyuyum..
Ovucların içinə yerləşərmi əllərim?
Üstünü örtmək üçün bəs edərmi tellərim?
Döysəm qapını sənin, isidərmi ocağın?
Bir ömürlük qalmağa yer verərmi qucağın?
Köçürərsənmi məni ruhunun yaddaşına?
Gedərsənmi mənimlə dünyanın o başına?
Sus, cavab vermə hələ, ümidimə işıq ol…
Şirin xəyallarıma arzu ol, yaraşıq ol…
Bir diləyin tərkinə minək gəzək səmanı,
Vaxt dayansın bizimçün, ram eyləyək zamanı.
Göy üzündən boylanaq, bir bucaq seçək bizə,
Huzurlu və işıqlı ev olsun sevgimizə…
Orda olmasın nə qəm, nə sevinc ağlamasın,
Tutduğumuz arzular gözümüzdə qalmasın…
Orda hər şey başqa cür, orda hər kəs saf olsun,
Orda ürəklər təmiz, hamıda insaf olsun…
Günəşi qaynar olsun, yağışı bulaq kimi,
Pis adamlar olmasın arada alaq kimi…
Qaçaq xəyal dalınca, axırda onu yoraq…
Orda gündüzlər gəzib gecələr nağıl quraq.
Orda yaşa dolduqca sevgimiz də çoxalsın,
Nə yaramız qalıbsa gedək, orda sağalsın.
Çoxmu qəliz danışdım, ya istəyim çox oldu?
Xəyala daldım, getdim….bütün qəmim yox oldu…
Yaxın gəl qulağına pıçıldayım adını,
Eh, boş ver…gəl dinləmə sən bu dəli qadını….
Kayıt Tarihi : 9.1.2025 18:25:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!