Qəm-kədər içində daim azıram,
Göz yazı tökməyə hər an hazıram.
İlhamım gələndə şeir yazıram,
Bu həvəs bir özgə həvəsdi, gülüm.
Qartallar hər zaman yerə enməyir,
Güclü qar-yağışdan günəş sönməyir,
Ötənlər bir daha geri dönməyir,
Keçmişi dərd etmək əbəsdi, gülüm.
Kədərdən fərəhin evi yıxılır,
Həyatımdan yaxşı günlər çıxılır,
Ürəyim darıxır, qəlbim sıxılır,
Bil, sənsiz bu dünya məhbəsdi, gülüm.
Uçaraq dağılıb təxti-rəvanım,
Quruyar damarda axan al qanım,
Kəsilib taqətim, qalmayıb canım,
Aldığım quruca nəfəsdi, gülüm.
Sənə mən gözucu baxa bilmirəm.
Kür olub dənizə axa bilmirəm,
Salmısan,buradan çıxa bilmirəm,
Sənsizlik qaranlıq qəfəsdi.gülüm.
Kayıt Tarihi : 30.6.2018 17:38:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!