Günlər,aylar bir-biriylə ötüşüb,
Bülbül güllə, gül bülbüllə öpüşüb.
Ay Günəşlə əzəl gündən öc düşüb,
Illər keçib, mən də yaşa dolmuşam.
Mən aşiqəm, bilmirəm kimə bəndəm,
Mən mizrabam, bir sarı simə bəndəm.
Ağlayaram, bir kiçik himə bəndəm,
Dindirməyin, bulud kimi dolmuşam.
Günəş olub daim işıq saçmışam,
Dərd əlindən baş götürüb qaçmışam.
Sanırdım ki təzə cığır açmışam,
Sonra gördüm bir keçilmiş yolmuşam.
Azərbaycanımdır doğma məkanım,
Mən olmuşam şeirin bənna, kənkanı.
Yollarımı kəsən qanqal, tikanı
Lap kökündən çıxardaraq yolmuşam.
Çal aşıq, çal ”Heyratı”mı,”Cəngi”mi,
Unutmaram ritmimi, ahəngimi.
Deyirlər ki itirmişəm rəngimi,
Nədən belə saralmışam, solmuşam.
Şair, yenə şeirlər içində az,
Həmdəm olsun sənə kaman, telli saz.
Daha yaşıl geyməz gəlsə bahar, yaz,
Qol-budağı quruyan bir kolmuşam.
Dost içində olub mənim öz yerim,
Qalmamışam heç vaxt kimsədən geri.
Uca tutdum hər vaxt sözü, şeiri
Sevincəm, özüm də şair olmuşam.
Kayıt Tarihi : 10.6.2018 16:32:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!