Niyə belə tezcə getdin, ay bivəfa,
Gülsüz qalıb,qan qoxuyur indi hava.
Hücum etdi düşmənlərim, düşdü dava,
Bilirsənmi nələr oldu səndən sonra.
Həsrət viran etdi vuran ürəkləri,
Gözdə qoydu arzuları, diləkləri.
Qəm əsdirdi dəli-dolu küləkləri,
Solmaz çiçəklər də soldu səndən sonra.
Bir-birinin arxasınca uçan illər,
Nədən susdu, danışmadı şirin dillər.
Bir vaxt ömrə fərəh verən qızılgüllər,
Susuz qalmış quru koldu, səndən sonra.
Qoruyurduq adımızı-sanımızı,
Qəlbimizdə yaşadırdıq anımızı.
Kim dəyişdi bizim gözəl dünyamızı,
Söyüdlər də saçın yoldu səndən sonra.
Fərəhimin yerin tutdu kədərlə qəm,
Buludlarla dolu evim rütubət, qəm.
Qara geydi, yasa batdı bütün aləm,
Yaş görməyən gözlər doldu səndən sonra.
Kayıt Tarihi : 30.1.2026 11:08:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!