Durmuşam cüt məzar qarşısında mən,
Qüssəylə baxıram hər ikisinə.
Göz yaşı yaradır göz önündə çən,
Ton belə çatmaz ki dərd çəkisinə.
Bilirəm. Ruhunuz başımın üstdə,
Göyərçin kimi hey qanad da çalır.
Bir yaş da gələcək yaşımın üstə,
Sizin yoxluğunuz könül dağlayır.
Mən sizi sevirəm.Sanki sağsınız,
Unutmaq olarmı ata-ananı.
Ağ ipək çalmalı qoşa dağsınız,
Siz yoxsuz, yox daha dərdə yananım.
Nə qədər əzablar çəkmişəm, ata
Nə qədər qəm-qüssə yatıb sinəmə.
Əlimlə sarı gül əkmişəm, ata
Sizsizlik ox olub batır sinəmə.
Kaş yenə bir dəfə qapımı döyüb,
Içəri girəydiz qoşaca, ana.
Bu şair qızını söz ilə öyüb,
Həsrəti sayaydıq boşaca, ana.
Əlli bir yaşım var, qocalmışam da,
Əvvəlki ərköyün Sevinc deyiləm.
On ili fələkdən bac almışam da,
Qədərin əlindən girinc deyiləm.
Indi böyüyübdür uşaqlarım da,
Özüm də tezliklə nənə olacam.
Günəşdən gur yanır işıqlarım da
Təəsüf, mən sizsiz yaşa dolacam.
Ruhunuz hər zaman köməyim olar,
Sanki yanımdasız hər zaman mənim.
Bu şeir kiçikcə əməyim olar,
Artar sarı teldə gün-gündən dənim.
1.08.2013
Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 17:07:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/09/mezarustu-dusunceler.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!