Qəlbə gəlməz xoş adı,
Dərd kədərlə qoşadı.
Getdin.Dünya boşaldı,
Dayanıbdı zamanım.
Mənim əziz Kamranım.
Zirvələrdə qar ağlar,
Qartal ağlar, sar ağlar.
Həzin-həzin tar ağlar,
Inləyər ud-kamanım.
Mənim əziz Kamranım.
Səndin şanım, şöhrətim,
Sarsılıbdır qüdrətim.
Kəsilibdir taqətim,
Qalmayıbdır amanım,
Mənim əziz Kamranım.
Nə dedin son görüşdə,
Yaralandın döyüşdə.
Indi yerin behiştdə,
Budur Tanrı fərmanı.
Mənim əziz Kamranım.
Fikrə daldı sevdiyin,
Sənsiz laldı sevdiyin.
Tənha qaldı sevdiyin,
Tala oldu ormanı.
Mənim əziz Kamranım.
Qarı düşmən.sən sus da,
Xain erməni, rus da...
Türkiyə, Belarusda,
Tapılmadı dərmanın.
Mənim əziz Kamranım.
Pisliyə qıcıq idin,
Yaxşıya açıq idin.
Yaman əlaçıq idin,
Nur saçırdı hər anın.
Mənim əziz Kamranım.
Qəmlidir qardaşların,
Dostların, sirdaşların
Dayanmır göz yaşları,
Ucadadır məramın.
Mənim əziz Kamranım.
Qayıdarmı o çağlar,
Sənsiz yanmaz ocaqlar.
Qayıt, möhkəm qucaqla,
Sən İradə ananı.
Mənim əziz Kamranım.
Könlüm yarpaq tək əsir,
Soyuq keçər hər fəsil.
Müalicə aldın beş il,
Çarəsizdi loğmanın.
Mənim əziz Kamranım.
Gənc yaşından kişi,ər,
Göstərdin neçə hünər.
Artıq çalmışıq zəfər,
Ruhun gəzir Şuşanı.
Mənim əziz Kamranım.
Sən qorxmazdın, igiddin,
Eh, nələrə şahiddin.
Rahat uyu, şəhidim,
Tarixdir döyüş anı.
Mənim əziz Kamranım.
Yazıq ürək neynəsin,
Bir yolu var.Göynəsin.
Allah rəhmət eyləsin,
Tanrıya qovuşanım.
Mənim əziz Kamranım.
Kayıt Tarihi : 3.5.2021 14:28:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!