Inci hələ seçimdə.
Parlaq geyim-keçimdə.
Yaşıdları içində,
Daim birinci qızım.
Nənən yaman öyünür,
Qəlbi sənlə döyünür.
Ananın ərköyünü,
Atanın dinci qızım.
Sənə dağlardan salam.
Aranda bitən lalam,
Ay mənim gözəl balam,
Elin sevinci qızım.
Tez çapsın murad atın,
Çağırılsın bayatın.
Keşməkeşli həyatın,
Olma girinci, qızım.
Pişikləri səslə sən,
Hərdən ver quşlara dən.
Dünyada bir kimsədən,
Nə küs, nə inci, qızım.
Gün çıxacaq bir azdan,
Öyrən ədadan, nazdan.
Brilyantdan, almazdan,
Sən parlaq inci, qızım.
Birdanəsən, özəlsən,
Şeir, mahnı, qəzəlsən.
Adın kimi gözəlsən,
Ay mənim İnci qızım.
19.05.2019
Sevinc Arzulu
Kayıt Tarihi : 29.5.2019 11:22:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!