DONDU QADIN
(Həyat yoldaşını vaxtsız itirən rəfiqəm İradəyə)
Bir zaman xoşbəxtdin isti evində,
Ayrılıq yatardı divar dibində.
Gərək olmayaydı əlin cibində,
Həsrətə verilən beh sondu, qadın.
Bəxtin bir üzü ağ, biri qaradı,
Özü də bilməyir yolu haradı.
Saçını hicanın əli daradı,
Sandın ki üzünə meh qondu, qadın.
Xatirə qırmızı gülə bənzəyir,
Ləçəyi közərən külə bənzəyir.
Kim deyir yaquta, lələ bənzəyir
Gözündə parlamaz şeh. Dondu qadın.
Susuz qalan çiçək tezcə solsa da,
Yarsız talan ürək qəmdən dolsa da,
Vüsalın şirnisi bircə olsa da,
Həsrətin acısı eh, ondu qadın.
Gedənin dünyada nələri qalır,
Hər kiçik xatirə yadına salır.
Qarası gözümdə yaşıla çalır,
Əyninə geydiyin nə dondu, qadın.
18.01.2021
Kayıt Tarihi : 20.1.2021 10:13:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!