Deyimler 3 Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Deyimler 3

Su tək parlaq, su tək rəngsiz
Yağış kimi əsrarəngiz,

Sən çatdır hamıya doğru sözünü
Azad insan kimi hiss et özünü.

Elə qəfilcədən döyüldü qapım,
Qırıldı xəyalın mirvari sapı.

Ütülənmiş fikirlər.
Itilənmiş zikrlər.

Geydim güman göynəyimi,
Öydüm duman köynəyimi.

Diləyin pilləsi,
Küləyin şilləsi.

Dumanı başından,
Gümanı ayağından asasan.

Ümidin yaddaşı,
Buludun göz yaşı.

Mən səhərəm, sən gündüzsən, o-gecə,
Nuru qoyub qaranlığı axı seçdi o necə.

Bir-iki damcı xatırən könlümün közərən ocağının alovlandırdı.

Bu dünyanın al libası toxunmaz,
Bu dünyanın əlifbası oxunmaz.

Uyma bu dünyanın dövlət-varına,
Xəyanət eyləmə sadiq yarına.

Neçə insan köçür hər gün dünyadan.
Dünyada qalacaq yalnız yaradan.

Ömür dediyimiz şipşirin röya.
Əbədi yaşamaq bir dərin xülya.

Istərdim açılsın üçüncü gözüm,
Bulaq tək çağlasın söhbətim-sözüm.

Tez qarışar düşüncəm,
Sözüm yerə düşüncə.

Zamanın parıltısını gör,
Gümanın zarıltısını eşit.

Zamanın kölgəsində,
Amanın bölgəsində.

Ümidinin işığında gecə-gündüz yol gəlmişəm,
Eh, deyəsən çaşmışam mən, sağ əvəzi sol gəlmişəm.

Satılan baş, çatılan qaş.
Atılan daş, qatılan yaş.

Sədaqətin varlığı,
Həqiqətin karlığı.

Namərdin körpüsündən,
Mərdin hörgüsündən keçmə.

Inqilab süslənir, intiqam pislənir.

Fərəh sıra-sıra gəlsin,
Kədər sırsıra gəlsin.

Duyğularım məst olunca xəyalıma qəsd oldu.

Mışıl-mışıl yatan xatirələrin üstünə
zaman öz kölgəsini çəkdi üşüməsinlər deyə....

Təzyiqim qalxmaqdan doymayır,
Başımın içində küləklər oynayır.

“Eh”in biri,
şehin mini.

O gözlərin gözlərimin qənimi,
Güzgü təkin əks etdirər qəmimi.

Qələm mənim çörək ağacımdır.
Ona görə də aclıqdır.

Inkarın təsdiq qanunu da var.

Düznən düzən qurdum, əyri mənnən çəpləşdi.

Hər şeyin bitdiyi andan sən başlayırsan.

Sənin könlün kömür mədənidir.
Bəyaz daxil olan qaralıb çıxar.

Sevgi var xoşluqdan yaranır,
Sevgi var boşluqdan.

Xəyanət sənin üçün əyləncədirsə, mənim üçün işgəncədir.

Torpağın gözünü yarpaq doydurar,
Insanın gözünü torpaq.

Insan ağlayanda dünyanı ağ-qara görür, güləndə rəngli.

Ay üzlü göy hər gecə gümüşü qızılca çıxarar.

Günəşə əli çatmadı, ulduzların qoparağını götürdü.

Vüsalın qulpundan tutmaq istədim,
Ayrılıq qoluma girdi.

Gerçəklər geri çəkilər.

Ağlar gözün kölgəsi nəm olar,
Ayrılığın köləsi qəm.

Gecikmiş sevgi etirafın qızmar yay günündə yağan çobanaldadana bənzəyir.

Ürəyimin yarpaq-yarpaq qorxusunun torpaq-torpaq qoxusu var.

Göz yaşlarından buz saray da tikmək olar, duz saray da.

Bir kəlmə acı sözün hənirindən qırılan ümidlərimi
qaynaq edə bilmədin türk qızılı kimi.

Zamanın əyri güzgüsündən dünyanı düz görmək istəmək
bilsən necə ağrılıdır...

Haqqın səsini almaq olar, batırmaq yox.

Zorakı təbəssüm dodaqlarını işğal edib.

Mən dedim ki bir dənizdə sahilləşək,
Demədim ki cahilləşək.

Payız ömrə xəzan gəldi,
Qulağıma əzan gəldi.

Ümidlərim qaraca qız kimidir.
Ha üzünü ağardıram, alınmır.

Şeytanı ayağından asasan,
Böhtanı dayağından.

Gəlişi gözəl sözün gedişi yaman olar.

Axan ulduzun işığı güçlü olar,
Çaxan şimşəyin səsi.

Beynimi qanla doldurdun, a beyniqanlı.

Zəlini ürəyimin üstünə yapışdırdım.
Bəlkə adını o silə bilə.

Namərdin gülləsi əskikdir,
Mərdin qülləsi.

Məhəbbətə pənah apardım,
Bir alaçıq da qıymadı.

Gecə sözlü aş yedim,
Səhəri dirigözlü açdım

Xatirə saytıma virus düşüb:
Ən dadlısını yeyir.

Dənizin qapısını döydüm,
Dalğalar üsyan etdi.

Sözün qurtardığı yerdə silahlar işə düşər.

Dərdi qəmin əlindən aldım, üzümə qayıtdı.

Ata evinin istisi, qaynata evinin tüstüsü.

Mərdə məzar olmaqdansa.namərdə azar ol.

Közümə söykənib yanınca, sözümə söykənib qan.

Qəfil atılan daşdan pəncərə şüşəsinin içini çəkərək
çiliklənməsi qədər məsumsan.

Tutqun qış günündə günəşin buludların arasından
üzümüzə gülümsəyərək əl etməsi qədər gözlənilməzsən.

Bir payızda qərib durna qatarının qanadlarını çırparaq,
əlvida nəğməsini oxuyaraq uzaqlaşıb gözdən itməsi qədər ağrılısan.

Qəmli həyat salnaməni üzünün qırışlarından oxumaq olar.

Ayrılığın aynasına baxdım, axirət gününü gördüm.

Mənim xəyal dünyamda heç vaxt səhər açılmır.

Sənli xatirələrin çılpaqlığı utandırdı məni.

Zaman zaman-zaman qarşımdan baş əyib keçəcək.

Hanı misra-səmənd atım,
Boynuna söz-kəmənd atım.

Sənin ipək saçlarından toxunan yaylıq
mənim göz yaşlarımı quruda bilməz.

Sevinc Arzulu
Kayıt Tarihi : 12.12.2018 14:44:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu