Bu məhəbbət üçbucağı,
Tozla dolu künc-bucağı.
Mən eşqin fədasına dönüncə,
Sən eşqin sədasına döndün.
Ayrılığın bir halı var:o da göz yaşı.
Sən mənim etmədiyim günahımsan.
Gözünün pəncərəsindən boylanırsan
uğultuyla axan baxışlarla.
Qorxmursanmı boğulam?
Gözlərimə dola-dola,
Axırı ki gəldim yola.
Dedim -“Qəlb aynanın tozunu sil”,
Mənli xatirələrə süpürgə çəkdi.
Xəyallarımı sərgilədim,
Özümdən başqa heç kim tamaşa etmədi.
Haqqın səsini almaq olar, batırmaq yox.
Vüsalın damcı-damcı,
Həsrətin acı qamçı.
Mən kədərlə dəyişik düşmüşəm.
Vüsalın quzusu mələr,
Həsrətin ruzusu gələr.
Hicran əcəb dilmanc oldu,
Tərcüməsi qırmanc oldu.
Ümidimi puç eylədin,
Rəqib məni “linç”eylədi.
Ayağımı basınca məhəbbət kandarına,
Döndüm eşq dindarına.
Dərdimin damarından tutdum,
Üzümə qara qan fışqırdı.
Eşqimi didərgin saldın,
Özün köçkün düşdün.
Sənsizliyinlə mənsizliyim aşiq-məşuqdurlar.
Səni su təkin içərdim, çörək əvəzi yeyərdim.
Heyf ki pəhrizdəyəm.
Pərdə-pərdə qalxan səsin
Könül evimin pərdilərinə endi.
Məhəbbətin beşiyini yırğaladım,
gülüş səsləri gəldi qulağıma.
Vəsli gecələr yaraqla axtardım,
Gündüzlər çıraqla.
Sənli günlərimin üstündən qırmızı xətt çəkdim,
Bir anda qaraya döndü.
Ayrılığın şöləsi olmaqdansa,
Məhəbbətin köləsi ol.
Zər qədrini zərgər bilər.
Mən zər oldum,
Sənsə zərgər olmadın.
Unut kimi, sev kimi
Dünya, dərdli ev kimin.
Sən şeir kimisən: həzin, gözəl, mənalı.
Şeir də sənin kimidir:qəmgin, dürüst, xəyallı.
Qulağıma laylan gəldi,
Qəm üstümə lay-lay gəldi,
Ana.
Mən kişi kimi qadınam.
Təkcə sənin gözlərində
Kişi-kişi öldüm,
Qadın-qadın dirildim,
Mənim həyat yoldaşım.
Min il külüng vurdum, qəpik də tapmadım.
Ayaqqabının ucuyla torpağı cızdı, dəfinə qazandı.
Səni sevmək günahımı dəfn eylədim
kədərinin qoynunda.
Ikimiz də piyadaydıq
Bəxtin şahmat oynunda.
Sevgin könlümün içində,
Könlüm sevginin gücündə.
Vəfalıya güllə atdım,
Qayıdıb özümə dəydi.
Qəm əlində girinc oldum,
Qızıl ikən bürünc oldum.
Vüsalın qapısını döydüm,
Hicran hay verdi.
Dağından duman asılar,
Ağlından güman.
Sözündə “kaş”donar,
Gözümdə yaş.
Doğru gördü, kölgələndi.
Yalan gördü, bölgələndi.
Sevdalımın naz baxışı,
Yaz yağışı.
Mənim qəhrimi çəkmə,
Təhrimi çək.
Vüsalın közü sizə düşdü,
Hicranın gözü bizə.
Gözümün qorxusu,
Közümün qoxusu.
Sarı-sarı çiçəklərim,
Ayrılığın göyçəkləri.
Çiçək-çiçək arzular,
Qızıl ləçək arzular.
Eşqin tamı bir başqadı:
Ekzotik meyvə kimi.
Ağlımın ayağından girib başından çıxan fikirlər,
hardasınız?
Məhəbbət ölkəsinə getmək istədim:
Sərhəddən buraxmadılar.
Vizamın müddəti bitmişdi axı...
Sənsizliyinlə mənsizliyim aşiq-məşuqdurlar.
Səni su təkin içərdim, çörək əvəzi yeyərdim.
Heyf ki pəhrizdəyəm.
Sənin qaranlıq ömrünün ziyası
mənim işıqlı həyatıma kölgə salır.
Söz köhləni dəymədüşərdir:
Xətrinə dəysən səni yerə çırpar.
Qızılnan gümüşün fərqi təkcə onun əyarında deyil,
həm də meyarındadır.
Həsəd var qəmə aparır, həsrət var dəmə.
Gələcəyin qaranlığından, keçmişin şoranlığından
bezib intihar etmək istəyirəm.
Bilmirəm özümü səssizlikdən asım,
sükutdan atılım və ya sənsizlikdə boğulum?!
Illər məni qovur.Mənsə qabaqda qaçan
ayaqlarıma çatmaq istəyirəm.
Sənə “günəşim”-dedim.
Demədim ki alovunla yandırasan, yaxasan.
Sənə”ayım”-dedim.
Demədim ki uzaqdanca soyuq-soyuq baxasan.
Sənə “ulduzum”-dedim.
Demədim ki sən günlərin birindəcə qəfilcədən axasan.
Bəs mən sənə nə deyəydim axı?!
Içimdə şeytan var, öldürmək istəyirəm, bacarmıram.
Içimdə kədər var, güldürmək istəyirəm, bacarmıram.
Içimdə nisgil var, boğmaq istəyirəm, bacarmıram.
Içimdə həsrət var, qovmaq istəyirəm, bacarmıram.
Axı mən nə bacarıram ki?!
Gözümün arxasınca getdim, qaranlıq dünyaya düşdüm.
Sözümün arxasınca yol aldım, işıqlı dünyaya çıxdım.
Gecənin qara zirehinə gündüzün qızılı oxları batmaz.
Mənim doğru zikirlərim sənin oğru fikirlərini alt-üst etdi.
Dumana “çəkil”demə, günahın batil olar.
Həqiqət inqilab eylədi, yalan taxta çıxdı.
Dönüb gəncliyimə baxmaq istədim, qocalıq imkan vermədi.
Özümü ümidin ayağından asdım.
Bulaq şaxtadan buzlayar,
Ürək laxtadan.
Həsrətin üzündən öpdüm, vüsalın gözü yaşardı.
Yaşamaq yanmaqdırsa, mən artıq kül olmuşam.
Sənə doğru gələn xatirə cığırı Tanrının ən uzaq yoludur.
Vaxtımın baxtı yox,
Baxtımın vaxtı çox.
Hicranın alqışı səni tutdu,
Vüsalın qarğışı məni.
Gül-yarpağıyla, insan-torpağıyla fəxr edər.
Məhəbbətdə daimi atəşkəs yoxdur.
Şaman burula-burula gələr, zaman durula-durula.
Eh, məni nədənsə qayğılandıran
Səni an içində duyğulandırar.
Soruşmayın dağlar niyə qarıdı,
Sevdiciyi özgəsinin yarııdı.
Bir damla göz yaşı iç dünyamı qaraltdı.
Xırda hisslər suya qərq oldu,
Böyük duyğular adaya çevrildi.
Bir parça ümid ver mənə:sənsiz sənli yaşayım deyə...
Gözlərimin qarası dedim sənə, bəxtiqaraya döndün.
Gözlərimin ağı desəm qayıdıb gələrsənmi?
Çılpaq həqiqət qapalı yalandan yaxşıdır.
Duyğuların əsiri olmaq uyğuların kəsiri olmaq deməkdir həyatda.
Ümidi qandırmaq,
Buludu yandırmaq olmur.
Ilk bahar yağışı,
Səmanın alqışı.
Son bahar naxışı,
Zamanın qarğışı.
Baxışı qınama,
Naxışı sınama.
Sıldırımın rənginə bax,
Ildırımın zənginə.
Eşq meyvəsi yabanı.
Dərməmək heç rəvamı.
Mehin bacısı, şehin acısı olmur.
Xəyal nurlu düşüncə,
Fikir onun sələfi,
Bir andaca çözülər
Xatirələr kələfi.
Kayıt Tarihi : 12.12.2018 14:43:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!