Deyimler 1 Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Deyimler 1

Kədərimdən qara su içən yaşıl kol niyə qırmızı gül bitirir.

Gözümün həvəsi kəsilincə,
Sözümün nəfəsi kəsildi.

Sənə mən xəyanət etmədim, xəyalım xəyanət etdi.
Cəzanı da ona ver.

Binəm üstdə köz közlədim,
Sinəm üstdə söz sözlədim.

Şimşək elə çaxdı ki qorxudan gecənin bağrı yarıldı.

Bu sevdanın qəlbi yaman qaradır,
Baxışı da ancaq zülmət yaradır.

Sevgi dəryasında ruhum bir ada,
Azacıq dalğadan batacaq o da.

Alçaq dağları mən yaratmamışam,
Məni görcək özləri əyilib.

Sənin dərdini çəkdim,
Özündən ağır gəldi.

Ürəyimin səsinə qulaq asmadım,
Gözümün səhvinə aldandım.

Gözlərim yol çəkir Şimala kimi:
Di dönsənə...

Közünün közümdəki rəqsi,
Gözümün gözündəki əksi.

Yalanların ilmə-ilmə toxunar,
Doğrularım kəlmə-kəlmə oxunar.

Mən məzarın başında,
Sən məzarın daşında.

Ürəyim sevdaya düşdü,
Göz bəbəyim qovğaya.

Sözünü gülləynən deyil,
Gülnən de.

Ötən günlərin göz yaşlarında gələn günləri yuyundurma.

Həsrətdən xəzan tək saralmış ümidlər,
Heyrətdən məzar tək qaralmış buludlar....

Məhəbbətim axa-axa sel olmadı,
Ayrılıqsa dama-dama göl oldu.

Vəslin yolun həsrət pusdu,
Doğru yalan görüb susdu.

Məhəbbət dincə qoyulanda,
Xatirələr küncə qoyular.

Ovçu qovan bir günahsız sığındım,
Kipriyinin kölgəsinə sığındım.

Həsrət elə qamçıladı,
Gözümdən yaş damcıladı.

Yer saldım boşluqda:
Döşəyim qaranlıq,
Yastığım toranlıq.
Gecənin səssizliyini üstümə çəkdim.
Elə rahat yatdım ki...

Hicranın qara libasını geyinmədiyimə görə
həsrət məni cəzalandırdı.

Ümidlərim salxım-salxım,
Dərmək üçün hara qalxım.

Umduğum tək sığal olar,
Məhəbbətsə cığal olar.

Sənli ümidlərimin qoluna qara lent bağladım,
Daha yoxsan axı.

Ayrılıq küləyinin necə,
nə vaxt əsəcəyini haradan biləydim.
Hava bürosu deyildim ki...

Ruhum özümdən əvvəl fəth eyləyib fəzanı,
Belə dəlilik üçün kim verəcək cəzanı.

Zamanın nəbzini tuta bilmədim,
Amma əlimdə cənnətin qəbzini tutdum.

Gözlərinin qarasına batdım,
Qızarıb çıxdım.

Pulu pulnan vurarlar:
Avroynan dollar kimi.

Mənim sevgim metro qatarıdır:
Nadir hallarda üzə çıxır.

Sənin məhəbbətin özülü olmayan
qum ev kimidir.
Ani titrəyişdən çökər.

Vicdanına saldığın ləkəni
“Vaniş”lə də təmizləyə bilməzsən.

Vüsalından rəhm yağır,
Hicranından zəhm.
.
Ürəyimdən qara qanlar axır çay kimi.
Ağarmış tellərini yusana.

Gözümün yaşını gizlətmək istədim səndən....
Gizlətdim. Sənin gözlərində....

Ayrılığın aşığı alçı durar.

Tanrı mənə buta verdi,
Ayrılığı xəta verdi.

Yağış yudu göz yaşımı,
Baxış uddu yaddaşımı.

Itilənmiş təfəkkürüm
Taleyimə təşəkkürüm.

Sevinc Arzulu
Kayıt Tarihi : 12.12.2018 14:43:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu