Bu yolları biz ki birgə yorandıq,
Gah istiydik, gah da şaxta-borandıq.
Üzür məni Tanrım, ala-toranlıq
Dədəgünəş tək çırağına gəlmişəm.
Nolar, Anam, bir qapımı döyəsən,
Atam, gəlib məni özün öyəsən.
Yolun sonu uçurumdur deyəsən
Yıxılmaram,qırağına gəlmişəm.
Pislikləri daş üstündə cızılsın,
Namərdlərə dərin məzar qazılsın.
Uca Tanrım, lap əzəldən yazılsın,
Su tək təmiz varağına gəlmişəm.
Çoxlarına bəllidir ülviyyətim,
Düşmənimi susdurar qətiyyətim.
Bu yerləri yad etməkdi niyyətim,
Kim deyir ki marağına gəlmişəm.
Nemətləri arxayınca nuş eylə,
Xoşbəxtliyi, səadəti tuş eylə.
Allah, nolar, məni də bir quş eylə,
Şanapipik darağına gəlmişəm.
Gizlədəcək duman məni, çən məni,
Qocaldacaq telə düşən dən məni.
Bilirəm ki qoruyarsan sən məni,
Yasağına, yarağına gəlmişəm.
Qoy bizlərdə hər vaxt olsun kəm ölüm,
Qıyma sonsuz bərəkəti nəm bölüm.
Çoxdandır ki biçilməyib qəm çölüm,
Paslanmayan orağına gəlmişəm.
O atalı-analı günlər hanı,
İtirmişəm əzizimi yüz sanı.
Kövrələrək seyr edirəm dörd yanı,
Xatirələr sorağına gəlmişəm.
Kayıt Tarihi : 6.1.2023 16:19:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!