Nədən qəribsədim bu payız günü,
Göz yaşı üzümdə ağ cığır açdı.
Həsrətlə gözlərdim toyu-düyünü,
Mən yaxın gəldikcə o uzaqlaşdı.
Çəkdiyim ağrını-acını duyma,
Nəyinə gərəyəm mən bundan sonra.
Oğul, yad qızının sözünə uyma,
“Dünya qara geyməz anandan sonra”
Cənazəm üstünə gələrsən bir gün,
Istəsən yalandan ağlayarsan da.
Bu fani dünyadan olaram sürgün,
Qəbrimə qaralar bağlayarsan da.
Bəlkə də el üzü yasin oxudub,
Mollaya şəstlə pul verəcəksən də.
Saralmış güllərdən çələng toxudub,
Üstünə adımı hörəcəksən də.
Bilirsən, ananın qarğışı keçmir,
Mənim alqışımla böyüyən oğul.
Nədəndir qəlbimin qar-qışı keçmir,
Bu dünya deyilmiş şirin bir noğul.
Dünyanın əzablı ağrısı varmış,
Gərəkdir ağrıya- acıya dözüm.
Güvənlik bildiyim dağ başı qarmış,
Dolaşıq kələfi bəs necə çözüm.
Qalmışam gör neçə duyğu əlində,
Hansını özümə mehman eyləyim.
Yozulmaz qat-qarış uyğu əlindən,
Özümü hissimə qurban eyləyim.
12.12.2017
Kayıt Tarihi : 30.4.2018 07:35:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/04/30/bir-payiz-gunu.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!