Gizlədə bilsə də saç boyasıyla,
Zamansız ağarıb teli anamın…
İllər möhürünü qoyub üzündə,
Bir az da bükülüb beli anamın.
Bütün dərd-kədəri canımdan alar,
Məni huzur dolu aləmə salar,
Sanki qulağımda musiqi çalar
“Qızım” çağıranda dili anamın.
İstəməz kimsənin könlünə dəyə,
Sevgisi sığışmaz heç yerə, göyə,
Doğum günlərində o sevir deyə,
Heç vaxt əksik olmaz gülü anamın.
Mahirdir, kitabtək səni oxusun,
Dəyişməz heç nəyə bala qoxusun…
Birdən qarışdırsa gecə yuxusun,
Dayanmaz gözünün seli anamın.
O mənim ömürlük ehtiyacımdı,
Təkcə anam deyil, həm də bacımdı,
Mənim həm dərmanım, həm əlacımdı,
Toxunsa sağaldar əli anamın.
Mənim hər yaşımda gərəyim olar,
Daima qoruyan mələyim olar,
Tanrıdan hər zaman diləyim olar:
“Xoş gəlsin hər gələn ili anamın ….”.
Kayıt Tarihi : 5.1.2025 16:28:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Annemin 72’doğum gününe tebrik🌸
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!